Borclunun əmlakı məhkəmə qərarlarının icrasının predmeti kimi

  • Borclunun əmlakı məhkəmə qərarlarının icrasının predmeti kimi

    Borclunun əmlakı məhkəmə qərarlarının icrasının predmeti kimi

    Azərbaycan Respublikasının Konstitusiyasında da qeyd edildiyi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Dövlətin bu ali məqsədinin təminatı kimi isə öz səlahiyyətləri daxilində müstəqil olan məhkəmələr fəaliyyət göstərir. Bildiyimiz kimi hər bir vətəndaş hüquq və azadlıqlarının pozulduğu zaman məhkəməyə müraciət etmək hüququna malikdir. Bu zaman vətəndaşın müraciətinə mahiyyəti üzrə baxılaraq, qətnamə, qərardad, qərar və əmr formasında məhkəmə aktı qəbul edilir. Vətəndaşın pozulmuş hüquq və azadlıqlarının bərpası yolunda “məhkəmə aktının çıxarılması birinci addım”dır. Daha sonra isə vətəndaşın pozulmuş hüquq və azadlıqlarının bərpası üçün məhkəmə tərəfindən çıxarılmış “məhkəmə aktının icrası ikinci addım” olmaqla mühüm əhəmiyyət kəsb edir. Çünki, birinci addım ancaq kağız üzərində öz əksini tapdığı halda, ikinci addım isə əsas mərhələ olmaqla öz aktuallığı və spesifikliyi ilə seçilir.

    Bildiyimiz kimi məhkəmə qərarlarının icrası mərhələsi ədalətin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, məhkəmə qərarlarının vaxtında və tam icra olunması üçün bir çox hallarda “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində qeyd edilmiş məcburi icra tədbirləri tətbiq edilir. Məcburi icra tədbirləri isə aşağıdakılardan ibarətdir:

    - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;
    - tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;
    - tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;
    - icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi;
    - bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.

    Qeyd olunan məcburi icra tədbirləri əsasında “borclunun əmlakı məhkəmə qərarlarının icrasının predmeti kimi” günümüzdə ən aktual məsələlərdən olduğundan, məqalədə məhz bu kimi məqamlara yer verilmişdir.

    Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi

    Ümumilikdə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, həmin əmlakın götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nəğd pul vəsaitləri borcun ödənilməsi məqsədi ilə götürülür. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb etməli və adıçəkilən qurum isə tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidir.
    Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb qanunvericiliyə uyğun olaraq borclunun xarici valyutada olan pul vəsaitlərinə də yönəldilir. İcra məmuru borcludan götürülmüş xarici valyutada olan pul vəsaitlərinin bir gün müddətində satılmasını təmin etmək üçün Azərbaycan Respublikasında xarici valyuta satmaq hüququ olan banka və ya digər kredit təşkilatına verir.

    Tələbin borclunun ümumi mülkiyyətdə olan əmlakına yönəldilməsi

    Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitlərinin olmaması son icra mərhələsi hesab olunmur. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilə bilər. Həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaklara da yönəldilə bilər. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxlər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. Tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmişdir.

    Tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi

    Qanunvericilik eyni zamanda tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsinə də imkan verir. Bu cür hala, yəni borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması yalnız məhkəmənin qərardadı əsasında mümkündür. Tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi, həmin şəxslərin mənzilinə daxil olma, orada baxış keçirmə, saxlama yerlərini açma və baxma məhkəmənin qərardadı əsasında həyata keçirilir.

    Mülkiyyət hüququ əsasında borclu fiziki və ya hüquqi şəxsə məxsus olan əmlakın başqa yerdə və başqa şəxsdə olması, tələbin həmin əmlaka yönəldilməsinə mane olmur. Buna misal olaraq, cəmiyyətimizdə ən çox rast gəlinən etibarnamə əsasında avtomobilin satılması halını göstərmək olar. Məsələn, vətəndaş şəxsi avtomobilininin alqı-satqısını yalnız etibarnamə ilə kifayətlənərək həyata keçirir. Eyni qaydada, qarşı tərəf də öz növbəsində etibarnaməni əldə etdiyi andan, alqı-satqının rəsmiləşdirildiyini hesab edir. Lakin, onu qeyd etmək lazımdır ki, etibarnamə əsasında alqı-satqının həyata keçirilməsi hüquqi baxımından alqı-satqının rəsmiləşdirilməsi demək deyil. Belə ki, etibarnamə ilə satılmış avtomobil tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmadığı üçün yenə də əvvəlki sahibinin mülkiyyətində qalır. Bu halda isə, avtomobilin faktiki mülkiyyətçisinin gələcəkdə yarana biləcək məsuliyyətinə (borcuna) görə tələbin həmin avtomobilə yönəldilməsi zərurəti meydana çıxa bilər. Yəni, məhkəmənin qərardadı ilə avtomobilin üzərinə həbs qoyulur, daha sonra isə avtomobil hərrac vasitəsi ilə satılmaqla hərracdan əldə olunan pul vəsaiti tələbin ödənilməsinə yönəldilir.

    Tələbin borclunun girov qoyulmuş əmlakına yönəldilməsi

    Tələbin borclunun girov qoyulmuş əmlakına yönəldilməsinə tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə və ya ümumiyyətlə tələbin təmin edilməsi üçün başqa əmlak müəyyən edilmədikdə yol verilir. Belə olan halda, girov saxlayanın Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına və həmçinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunmalıdır.

    Ümid edirik ki, qeyd olunan məsələ ilə bağlı oxucuları müəyyən dərəcədə hüquqi cəhətdən maarifləndirə bildik. Üzləşdiyiniz çətinliklərdə isə Business Service Centre MMC-nin vəkil və hüquqşünaslardan ibarət komandası peşəkar yardım göstərməyə hazırdır.

    “BSC” MMC-nin hüquqşünası

    Valeh Xəlilov

    http://bsc.az/
    https://www.facebook.com/bsc.group.ltd