Vətəndaşlıq mənsubiyyəti haqqında

  • Vətəndaşlıq mənsubiyyəti haqqında

    Vətəndaşlıq mənsubiyyəti haqqında

    (Qanunvericiliyin təhlili)

    Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 saylı qərarı “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqındadır. Bu Qaydanın “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanması və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən etdiyi qeyd olunub. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.

    Həmin qaydalara görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat onun Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. Hesab edirəm ki, aşağıda göstərdiyim məqamlara fikir verməyə dəyər. Belə ki,

    Qaydanın 2.2. bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır:

    Qaydanın 2.2.1. yarımbənddə göstərilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması vətəndaşlıq mənsubiyyətinin araşdırılmasına əsasdır. Hesab edirəm ki, bu yarımbənd Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında qanunun 5-ci maddəsinin birinci hissəsini daha da məhdudlaşdırır, ona görə də tətbiq oluna bilməz. Çünki, həmin tarixə kimi Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxsləri qanun Azərbaycan Respublikasının vətəndaşı kimi tanıyır. Belə ki, Qanunun 5-ci maddəsinin birinci hissənin birinci bəndi o şəxsləri vətəndaş hesab edir ki, həmin şəxs bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun. Bu isə o deməkdir ki, şəxs həmin tarixdə Azərbaycanda qeydiyyatda olmasını sübut edən sənədə malikdirsə, həmin sənədi Asan Xidmətə və ya polis orqanlarına təqdim etməklə şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır. Bu cür şəxslərdən qanunda nəzərdə tutulmayan sənədin yəni Miqrasiya Xidmətindən arayışın tələb olunması yolverilməzdir.

    Qaydanın 2.2.2-ci bəndinə görə isə şəxsin Azərbaycan Respublikasının ərazisində doğulması (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla) vətəndaşlıq mənsubiyyətinin araşdırılmasına əsasdır. Əslində heç bir fikir ifadə etməyən qeyri - müəyyən cümlə ilə əslində bu yarımbəndin təsiri altına düşən şəxslərin dairəsini müəyyən etmək mümkün deyil. Əgər hər iki valideyni əcnəbi olan uşaqların vətəndaşlıq mənsubiyyətindən söhbət gedirsə, bu hal da birbaşa qanunda nəzərdə tutulub. Qanunun 12-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Lakin bir valideyni əcnəbi və bir valideyni vətəndaşlığı olmayan şəxsin də uşağı vətəndaş hesab edilmir. Yalnız hər iki valideyni vətəndaşlığı olmayan şəxslərə də aiddir. Bu halda da şəxsin miqrasiya Xidmətinə istiqamətləndirilməsi yolverilməzdir. Çünki qanun bu vəziyyətdə olanları da vətəndaş kimi tanıyır və belə vətəndaşların vətəndaşlığını mübahisələndirmək düzgün deyil, qanunun aliliyini şübhə altına alır.

    Qaydanın 2.2.3. yarımbəndinə görə valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, lakin doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmayıbsa, vətəndaşlıq mənsubiyyəti dəqiqləşdirilməlidir. Fikrimcə bu bənd daha çox Azərbaycan Respublikası vətəndaşlarından xaricdə doğulan və həmin ölkənin doğum haqqında şəhadətnaməsi ilə təmin olunanları və Azərbaycan vətəndaşlarından doğulan və doğum faktı qeydiyyata alınmadan yaşamaqda davam edənlər nəzərdə tutulur. Əslində Azərbaycan Respublikası vətəndaşlarından doğulan şəxslər birmənalı olaraq Azərbaycan vətəndaşları hesab olunurlar, ikinci hal isə yəni doğum faktının qeydiyyata alınmamağı ilə hüquqi əhəmiyyətli faktın müəyyən olunması kimi və s. hallar məhkəmələr tərəfindən həyata keçirilməlidir.

    Qaydanın 2.2.4. yarımbəndinə görə valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olanların da vətəndaşlıq mənsubiyyəti müəyyənləşdirilməlidir. Qanunun 12-ci maddəsinin ikinci bəndinə görə Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.

    Qaydanın 2.2.5. bəndinə görə valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə, və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə, vətəndaşlıq mənsubiyyəti dəqiqləşdirilməlidir. Əslində bu hal da qanunla birbaşa tənzimlənir. Belə ki, Qanunun 19-cu maddəsinə görə valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların 14 yaşına çatmamış uşaqları da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olurlar. Uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun 14 yaşına çatmamış uşağı da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur.

    Qaydanın 2.2.6. yarımbəndinə görə əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, bu halda da uşağın vətəndaşlıq mənsubiyyəti dəqiqləşdirilməlidir. Vətəndaşlıq haqqında Qanunun 23-cü maddəsinin dördüncü bəndinə görə vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur. Göründüyü kimi qanun bu halı da dəqiq müəyyən etmişdir və bu sahədə xüsusi araşdırma aparmağa və DMX müraciət etməyə qətiyyən ehtiyac yoxdur.

    Qaydanın 2.2.7. yarımbəndinə görə şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa, onun da vətəndaşlıq mənsubiyyəti dəqiqləşdirilməlidir. Əslində qanunun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar vətəndaş hesab olunur. Yəni şəxsin əlində qaçqın vəsiqəsi varsa və ya qaçqın kimi məskunlaşması məhkəmə qaydasında sübuta yetirilirsə, Asan Xidmət və ya ərazi polis orqanları və ya konsulluq xidmətləri bu şəxslərə şəxsiyyət vəsiqəsi verməyə borcludur.

    Qaydanın 2.2.8. bəndinə görə Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqların da vətəndaşlıq mənsubiyyəti dəqiqləşdirilməlidir. Qanunun 12-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır. Göründüyü kimi əslində bu yarımbəndində cavabı birbaşa qanunda var və bu vəziyyətdə olan şəxslər haqqında heç bir əlavə araşdırma aparılmadan həmin şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır.

    Qanunun vətəndaş kimi tanıdığı şəxslərin yenidən vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün DMX-ya müraciəti və onların cavabından aslı olaraq vətəndaşlığının müəyyən edilməsi düzgün deyil. Hesab edirəm ki vətəndaşların vəziyyətini ağırlaşdıran bu tipli qaydaların müqayisəli təhlili və mübahisələndirilməsi çox vacibdir.

    Vəkil - Cabbar Həsənov