HR: İşə düzələrkən hansı sualları vermək lazımdır?

  • HR: İşə düzələrkən hansı sualları vermək lazımdır?

    HR: İşə düzələrkən hansı sualları vermək lazımdır?

    Yeni vəzifə üzrə iş müsahibəsinə gəldiyimiz zaman əvvəlcədən hazırlaşırıq. Lakin İnsan resursları üzrə ekspertlər qeyd edirlər ki, müsahibəyə yollanmadan əvvəl hazırlaşmaq yalnızca işəgötürmə üzrə məsul menecerin verə biləcəyi mümkün suallara hazırlaşmaqdan ibarət deyil. Belə ki, bu zaman menecerə potensial işiniz ilə bağlı hansı sualları verə biləcəyinizi düşünmək lazımdır.

    Sözügedən bu sualları düşünüb tapmaq üçün isə özünüzə yeni işinizdən məhz olaraq nə istədiyinizi anlamağa kömək edən bir sıra suallar vermək vacibdir.

    Müsahibəyə bir nəfərin sual verdiyi, digərinin isə cavablandırdığı sorğu-sual kimi deyil, iki nəfər arasında qarşılıqlı sürətdə cərəyan edən dialoq kimi yanaşmaq lazımdır.

    Cavab almaq istədiyiniz suallara özünüzün cavab verə bilməyiniz vacibdir.

    İlk ay ərzində gözləntiləriniz nədən ibarətdir? Bəs ilk 3 ay ərzində? Bu sual namizədi olduğunuz vəzifədə sizi nələrin gözlədiyini, sizdən hansı nəticələrin gözlənildiyini anlamaq imkanı verir. Bundan əlavə, vəzifə ilə bağlı sizin və rəhbərliyin fikirlərinin üst-üstə düşüb-düşmədiyini də anlaya bilərsiniz. Bu vəzifədə sizi məhz olaraq necə qiymətləndirəcəkləri haqqında da ilkin fikirlərə sahib ola bilərsiniz.

    Şirkət öz əməkdaşları ilə necə qarşılıqlı münasibət qurur? Ekspertlər qeyd edir ki, rəhbərlik digər əməkdaşlardan fərqlənmək istəyən işçiləri sevir, buna görə də, öz inkişafınız və iş keyfiyyətinizin yaxşılaşdırılması ilə bağlı sual versəniz bu onlarda sizin haqqınızda müsbət təəssürat yarada bilər. Belə ki, bu sual sizin təkmilləşmək, öz iş nəticələrinizi yaxşılaşdırmaq və professional planda artım qazanmaq arzularınızı dilə gətirmiş olacaq. Buna görə də, əgər bu sualı versəniz, onu hansı səbəbdən verdiyinizi aydınlaşdırmış olacaqsınız.

    Hansı şəxsi keyfiyyətlərə malik olan insan bu vəzifədə uğur qazanar? Şirkətin məqsədlərini, sahib olduğunuz bacarıqların bu vəzifəyə nə dərəcədə uyğun olduğunu artıq bilirsiniz. Bu səbəbdən də bu vəzifədə yüksək nəticələrə nail olmaq üçün əməkdaşın məhz olaraq hansı şəxsi keyfiyyətlərə malik olmalı olduğunu öyrənməyin tam zamanıdır. Səsləndirilən cavab bu vəzifəyə nə dərəcədə uyğun olduğunuzu bir daha dəqiqləşdirmək, özünüzü bu vəzifədə nə dərəcədə rahat hiss edəcəyinizi təxmin etmək şansı qazandıracaq.

    Artıq şirkət və onun fəaliyyəti haqqında məlumata sahibsiniz, buna görə də şirkətin hansı nəticələr əldə etdiyiniz bilirsiniz. Lakin bu heç də həmişə şirkətin nəyə can atdığı haqqında məlumat vermir. Şirkətin hazırda hansı layihələr və yaxud innovasiyalar üzərində işlədiyini öyrənmək vacibdir. Yeni texnologiyalar və yaxud dəyişikliklər fonunda şirkətin missiyası hansı yöndə dəyişib? Bu suallar nəinki şirkətin gələcək planlarını öyrənməyə kömək edəcək, həmçinin xoş təəssüratın yaradılmasına səbəb olacaq. Belə ki, bu zaman təşəbbüskar və yeniliklərdən qorxmayan biri olduğunuzu vurğulamış olacaqsınız.