Soydaşlarımızın ölkəmizə sərmayə yatırması üçün münbit şərait var

  • Soydaşlarımızın ölkəmizə sərmayə yatırması üçün münbit şərait var

    Soydaşlarımızın ölkəmizə sərmayə yatırması üçün münbit şərait var

    Dünya Azərbaycanlılarının IV Qurultayı zamanı çıxış edən Prezident İlham Əliyev bir sıra məsələlərə toxunaraq iştirakçılarla fikirlərini bölüşdü. Onun bəzi tövsiyələri isə mesaj xarakterli idi. Belə fikirlərdən biri də xaricdə yaşayan və bizneslə məşğul olan azərbaycanlıların ölkəmizə dəvət olunması, daha dəqiq desək, investisiyalarını vətənə yatırmaqla bağlı edilən təklifdir. Prezident çıxışında dedi ki, azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdirlər və bu, alqışlanan haldır. Çünki belə məqamlar xalqımızın iqtisadi imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan iş adamları Azərbaycandakı qohumlarına da kömək göstərirlər. Bu da burada yaşayanlar üçün çox önəmlidir: “Əlbəttə, mən çox istərdim ki, xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar. Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxalq maliyyə qurumları qeyd edir. Son 20 il ərzində – 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin təxminən yarısı xarici investisiyalardır. Azərbaycanda sərmayə iqlimi yaxşıdır, biznes mühiti gündən-günə yaxşılaşır. Xüsusilə bu ilin əvvəlindən imzaladığım sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi dönüş yaranıb. Bütün bürokratik əngəllər aradan götürülür, şəffaflıq tam təmin edilir. Bütün bunların nəticələrini biz gündəlik həyatda görürük. Biz bunu mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında və bəyanatlarında görürük. Ona görə sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir”.

    Ölkə başçısı bildirib ki, bu gün sərmayə qoyuluşu problemləri həmçinin bazarlarla bağlıdır. Çünki dünyada, yaşadığımız bölgədə, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir. Yeni qarşıdurma, münaqişə ocaqları yaranır, sabitlik pozulur. Sabitlik olmayan yerdə investisiya da olmayacaq. Azərbaycanda isə sabitlik var: “Bu sabitliyin təminatçısı, qarantı Azərbaycan xalqıdır. Bu, gözəl biznes imkanları üçün də şərait yaradır. Ona görə bir daha demək istəyirəm və xüsusilə böyük maliyyə imkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət etmək istəyirəm: Azərbaycana sərmayə qoyun. Müxtəlif sahələrə, xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına. Bütün bu sektorlar sürətlə inkişaf edir və bu sektorlara qoyulan sərmayə batmır. Biz bunu iqtisadi göstəricilərdə görürük. Sərmayələr Azərbaycan dövləti, o cümlədən qəbul edilmiş qanunlar tərəfindən layiqincə qorunur”.

    Hazırda ölkədə biznes mühitinin hansı vəziyyətdə olduğunu, xarici sərmayələrin cəlb olunması üçün daha hansı işlərin görülməsinə ehtiyac olduğunu ekspertlərlə müzakirə etdik. Onların fikrincə, artıq kifayət qədər şəffaf biznes mühiti yaradılıb və keçən ildən başlanılan uğurlu siyasət davam etdirilir. Bu da o deməkdir ki, getdikcə mühit daha da yaxşılaşdırılacaq və biznesmenlər üçün heç bir əngəl qalmayacaq.

    Bu haqda fikirlərini “Kaspi” ilə bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, Prezident çıxışında əsasən diaspor nümayəndələrinə, Azərbaycanın xaricdəki səfirliklərinə səsləndi. Qeyd etdi ki, onlar daha sıx fəaliyyət planı qurmalıdırlar: “Həmçinin ölkəmizin mövqeyini hər yerdə müdafiə etməlidirlər. Prezident mətbuata da toxundu ki, daha çox işləmək lazımdır. Ən ciddi mesajlardan biri də xaricdə yaşayan azərbaycanlıların Azərbaycana sərmayə qoyması məsələsidir. Doğrudan da, xaricdə – Türkiyədə, Rusiyada, İranda və digər ölkələrdə bizneslə məşğul olan azərbaycanlılar çoxdur və onların yaxşı vəsaitləri var. Azərbaycanda biznesi inkişaf etdirmək üçün şərait yaradılıb və hazırda ciddi problemlər yoxdur. Prezidentin dəvəti vaxtında atılan düzgün bir addım idi. Yəqin ki, bizim azərbaycanlı soydaşlarımız da bunu eşidərlər və Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqəti daha da artırarlar. Bu, bizim üçün çox vacibdir. Çünki Azərbaycan müharibə aparan bir dövlətdir. Ermənistan ərazimizi işğal edib və biz torpaqlarımızı azad etməliyik. Digər tərəfdən, dünyada iqtisadi proseslər gedir. xarici investisiyamız da müəyyən qədər dəyərdən düşür. Bu məsələlərin hamısını hər bir azərbaycanlı diqqətdə saxlamalıdır”.

    Millət vəkilinin fikrincə, son devalvasiyadan sonra korrupsiya ilə mübarizə, gömrükdə şəffaflıq prinsipləri, vergi və digər qaranlıq məqamların aradan qaldırılması yönündə işlər sürətləndirilib. Həmçinin xaricdə yaşayanlar üçün çox ciddi problem olan viza məsələsi yüngülləşdirilib və bu iş “ASAN xidmət”ə verilib: “Ona görə də yaradılan şəraitdən yararlanıb Azərbaycanda iş qurmaq lazımdır”.

    İqtisadçı ekspert Qalib Toğrulun fikrincə, xarici sərmayəçilərin ölkəmizə cəlb olunması üçün daha yaxşı şərait yaradılmasına ehtiyac var. Münbit investisiya mühitinin formalaşmasının isə çox şərtləri var: “Ən əsası, mülkiyyətin toxunulmazlığının təsbiti və məhkəmələrin müstəqilliyinin təmin olunmasıdır. Xarici şirkətlərin qazandığı vəsaitlərə vergisini ödədikdən sonra sərbəst sərəncam vermək, onu ölkə daxilində hər hansı sektora yatırmaq və ya xalis qazanc kimi ölkədən çıxarmaq imkanının tanınması da vacibdir”.

    Mənbə: Kaspi.az