“Marketinqin rolu və funksiyaları” haqqında dəyirmi masa təşkil edildi.

  • “Marketinqin rolu və funksiyaları” haqqında dəyirmi masa təşkil edildi.

    “Marketinqin rolu və funksiyaları” haqqında dəyirmi masa təşkil edildi.

    4 avqust, 2017-ci il tarixində “Azstarnet MMC”-nin təşəbbüsü və təşkilati dəstəyi ilə şirkətin ofisində şirkət əməkdaşları və “AzMarketinq MMC”, “BSC Business & Consulting” şirkətlərinin rəhbər şəxsləri ilə birgə “Müasir biznesdə marketinqin rolu və vacibliyi” mövzusunda toplantı keçirildi. Dəyirmi masa formatında təşkil olunmuş tədbiri giriş sözü ilə açan “Azstarnet” şirkətinin Marketinq və Satış direktoru Eyyub Qarabağlı Azstarnet MMC-nin fəaliyyəti, məhsulları, tarixi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Bildirildi ki, son zamanlar yerli şirkətlərimizdə bir çox ciddi strateji qərarlar qəbul olunmaqdadır. Eyyub bəy onu da qeyd etdi ki, hər zaman maddi-texniki bazasının, məhsullarının yenilənməsi baxımından daim axtarışda olan Azstarnet şirkətində də şirkət rəhbərliyinin bir başa dəstəyi ilə yeni marketinq strategiyasının formalaşması prosesi start götürmüşdür. Məhz görüşün məqsədi də şirkət əməkdaşlarını bu sahəyə olan marağını və diqqətini daha çox cəlb etmək, onların iş funksiyalarında marketinqin önəmi haqqında maarifləndirmənin aparılmasıdır.

    Tədbirdə iştirak edən “AzMarketinq” şirkətinin direktoru Seymur Quliyev və Türkiyə nümayəndəliyinin rəhbəri Qələndər Məmmədli yerli və xarici bazarlarda, müasir biznes sferasında baş verən yeniliklərdən məlumat verdi. Eyni zamanda yeni məhsul və ya xidmətlərin meydana gətirilməsi, onların istehlakçı kütləsinə çatdırılma yollarından danışıldı. Müasir texnologiyaların həyatımızdakı yeri, internet provayderin zamanı qabaqlama texnologiyaları, insanların yeniliklərə psixoloji olaraq necə hazırlanmasından söz açan AzMarketinq şirkətinin nümayəndələri bir çox yerli və xarici trendlərin uğur hekayələrini məhz ölkəmizdə necə tətbiq etməli olduqları haqqında da geniş fikir bildirdilər.

    “Azstarnet” şirkətinin PR işləri üzrə tərəfdaşı “BSC Consulting & Outsourcing ” şirkətinin Marketinq departamentinin rəhbəri Tural Abbaslı isə artıq 20 ildir xidmət sahəsində fəaliyyət göstərən “BSC Consulting & Outsourcing ” şirkətinin müştəri xidmətləri və məmnuniyyəti siyasətindən söz açdı. Eyni zamanda xidmət sahəsinin PR strategiyası, istehlakçı və istehsalçı arasındakı görünən və görünməyən təsir mexanizmlərindən danışan Tural Abbaslı bildirdi ki, işindən, vəzifə öhdəliyindən asılı olmayaraq bütün şirkət əməkdaşları fərdi olaraq bir PR daşıyıcısıdır. Söhbət əsnasında müasir PR və onun qolları, İT sektorunda provayderlərin tətbiq etməli olduğu PR taktikaları, müştəri məmnuniyyəti haqqında bir çox fikirlər müzakirə edildi. Əməkdaşların hər birinin bu və ya digər formada şirkətin imicinə, dolayısı ilə satışına təsirindən danışan Tural Abbaslı səmərəli görüş üçün “Azstarnet” şirkətinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.

    Daha sonra tədbir şirkət əməkdaşları ilə qonaqlar arasında qarşılıqlı sual cavab mərhələsi ilə davam etdi.