Qazaxda 65 sahibkara 8 mln. manat güzəştli kredit verilib

  • Qazaxda 65 sahibkara 8 mln. manat güzəştli kredit verilib

    Qazaxda 65 sahibkara 8 mln. manat güzəştli kredit verilib

    Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunun Qazaxbəyli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

    Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, işgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Qazaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

    90-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qazax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market", kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin), ət kəsimi və pendir istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

    SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 1252 sahibkara 71,6 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5914 investisiya layihəsinin maliyyələşdirilməsinə 220,7 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə sularının, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

    İşgüzar forum çərçivəsində Qazax və ətraf rayonlardan olan 65 sahibkara 8 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, çörək və un məmulatları, tikinti materialları, sönmüş əhəng, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 400-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

    Forum çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində güzəştli kredit ayrılmış və ildə 91 min ton sönmüş əhəng istehsalı etmək gücündə olan zavodun tikinti işlərinə baxış keçirilib. Zavod fəaliyyətə başlayanda burada 350 nəfər işçi çalışacaq.