Miqrasiya xidməti - İş icazəsinin alınması

  • Miqrasiya xidməti - İş icazəsinin alınması

    Miqrasiya xidməti - İş icazəsinin alınması

    Bu gün dünyada miqrasiya proseslərinin tənzimlənməsi, miqrantların hüquqlarının qorunması ən aktual problemlərdən biridir. Respublikamızda həyata keçirilən daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları - sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı və s. tam təmin olunur.

    Xarici işçi qüvvəsinin yerli bazarlara cəlb edilməsi müasir bisnesin ayrılmaz hissəsidir. Azərbaycanın immiqrasiya sahəsində olan qanunvericiliyi bu baxımdan anlaşılandır və müasir beynəlxalq təcrübələrə cavab verir. Buna baxmayaraq, immiqraiya və iş (əmək) icazələrinin alınması məsələlərində ciddi tənzimləmələrin və cərimələrin mövcudluğu da nəzərə alınmalıdır.

    Miqrasiya sahəsində ən aktual məsələlərdən biri də iş icazəsinin alınması və müddətinin uzadılmasıdır. İş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən icazədir. İcazələrin alınması prosesinin mərkəzində isə sənədlərin tam həcmdə və düzgün qaydada toplanılması, eləcə də icazənin alınması üçün vaxtında müraciətin edilməsi durur.

    Bunu bir kazus üzərindən daha asan şəkildə izah etmək olar. Məsələn, Siz bir sahibkarsınız və müəssisənizdə fəaliyyət göstərməsi üçün bir əcnəbi və ya vətəndaşlığı olmayan mütəxəssislə əmək müqaviləsi bağlamaq qərarına gəlmisiniz. Bu zaman, sizin diqqət yetirməli olduğunuz müəyyən məsələlər var:

     

    1.      Əgər Siz əcnəbi şəxslə əmək müqaviləsi bağlamaq istəyirsinizsə və həmin şəxsin vətəndaşı olduğu ölkə ilə Azərbaycan Respublikası arasında gediş-gəliş üçün viza tələb olunursa, həmin şəxslər Respublika ərazisinə əmək vizası və ya işgüzar viza ilə gəlməlidirlər. Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin vətəndaşları ilə bağlı isə belə bir tələb yoxdur.

    2.      İş icazəsi alınmadan əcnəbilərlə və ya vətəndaşlığı olmayan şəxslərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Yəni siz işçi ilə əmək müqaviləsini bağladıqdan sonra iş icazəsinin alınması üçün müraciət etsəniz, bu zaman Siz İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə, işə götürdüyünüz şəxs isə 575.1.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb oluna bilər.

    3.      İş icazəsinin alınması üçün müraciət işçi deyil, bilavasitə işəgötürən və ya onun etibarnamə verilmiş səlahiyyətli nümayəndəsi tərəfindən edilməlidir.

    4.      İş icazəsinin alınması ilə əlaqədar tələb olunan sənədlərdən biri də nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayışdır (Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 65.0.4-cü maddəsi). Bu arayışda yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsinə həqiqətən də ehtiyacın olduğu, həmin işçi qüvvəsinə olan tələbatın yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olmaması düzgün şəkildə əsaslandırılmalıdır.

    5.      Əgər Sizin əmək fəaliyyətinə cəlb edəcəyiniz işçinin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi yoxdursa, iş icazəsi ilə eyni vaxtda müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə də müraciət edilməlidir. Əks halda, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında olma müddəti bitdiyi üçün ölkə ərazisini tərk etməli olacaqdır.

    6.      Əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə onun üçün yeni iş icazəsi alınmalıdır. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı da əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün yeni iş icazəsi alınmalıdır.

    7.      İş icazəsinin alınması və müddətinin uzadılması zamanı önəmli məsələlərdən biri də müddətdir. Çünki, müraciətinizə baxılması üçün seçdiyiniz müddətdən asılı olaraq ödəyəcəyiniz dövlət rüsumunun məbləği də dəyişəcəkdir.

     

    Dövlət Miqrasiya xidmətinə müraciətləri həm sənədləri şəxsən müvafiq orqana təqdim etməklə, həm də elektron qaydada etmək mümkündür. Koronavirus infeksiyasının (COVİD-19) yayılması nəticəsində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq, müraciətlər elektron qaydada həyata keçirilir. Karantin rejimi dövründə əcnəbilər və vətəndaşlığı olmayan şəxlsər tərəfindən Dövlət Miqrasiya Xidmətinə elektron qaydada sənədlərin təqdim edilməsində bəzi güzəştlər edilmişdir. Belə ki, 30 aprel 2020-ci il tarixədək iş icazələrinin, müvəqqəti və daimi yaşama icazələrinin alınması (müddətinin uzadılması) ilə bağlı Dövlət Miqrasiya Xidmətinə edilmiş elektron müraciətlər zamanı notariat və ya ona bərabər tutulan qaydada təsdiq edilməsi nəzərdə tutulmuş müvafiq sənədləri təqdim edə bilməyən şəxslərin müraciətləri belə təsdiq olmadan da qəbul ediləcəkdir. Yəni, notarial təsdiqi tələb edilən sənədlərin əslinin fotoşəkilləri, eləcə də notarial qaydada təsdiq edilməsi nəzərdə tutulan razılıq ərizələrinin ev şəraitində yazılıb imzalanmış variantları da kifayət edəcəkdir. Lakin, mövcud vəziyyət aradan qalxdıqdan sonra həmin sənədlərin notarial təsdiqi zəruri olduğu hallarda tələb oluna bilər.

    Biz sizə sənədlərin toplanmasında, istər iş icazələrinin, istərsə də digər icazələrin alınmasında, müddətlərinin uzadılmasında, elektron müraciətlərin edilməsində, bu zaman qarşınıza çıxa biləcək mürəkkəb məsələlərin həllində kömək edəcəyik. Sizə isə sadəcə bizə müraciət etmək qalır.

     

    BSC-Sizi inkişafa aparan tərəfdaş!