Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası həm mühasibat, həm də vergi uçotunda eyni qaydada özünü əks etdirir. Vergi Məcəlləsinin xüsusi hissəsində göstərilmiş vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydasını BSC şirkətinin maliyyə işləri üzrə mütəxəssisi Könül Həsənova izah edir.Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri, Məcəllənin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri, Azərbaycan Respublikasının özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri, Məcəllənin 197.2-ci maddəsinə əsasən, vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri, bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, fiziki şəxslər əmlak vergisini xüsusi olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Bakı üzrə fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri 0.40 manat, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 0.30 manat, digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0.20 manat və rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0.10 manata dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə).

Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi üçün vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:

Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.

Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.

Müəssisə hesabat ili ərzində ləğv edildikdə, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur.

Misal: Müəssisənin əmlakının ilin əvvəlinə qalıq dəyəri 530.000 manat (o cümlədən binalar 200.000 manat, qurğular 100.000 manat, avtonəqliyyat vasitələri 50.000 manat, maşınlar 60.000 manat, mülki müdafiə üçün istifadə edilən əmlak 80.000 manat, hesablama texnikası 30.000 manat, yanğından mühafizə avadanlığı 10.000 manat), ilin sonuna isə 690.000 manat (o cümlədən binalar 300.000 manat, qurğular 190.000 manat, avtonəqliyyat vasitələri 50.000 manat, maşınlar 60.000 manat, mülki müdafiə üçün istifadə edilən əmlak 60.000 manat, hesablama texnikası 20.000 manat, yanğından mühafizə avadanlığı 10.000 manat) olmuşdur. Müəssisə il ərzində əmlak vergisi üzrə 2.000 manat cari vergi ödəmişdir. Müəssisənin büdcəyə ödəməli olduğu əmlak vergisini hesablayaq.

Vergi Məcəlləsinin 202.0.1-ci maddəsi əsas götürülərək müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb iki yerə bölünüb əmlak vergisinin faiz dərərcəsinə (1%) vurulub hesablanır.

Vergi Məcəlləsinin 202.0.1-ci maddəsini nəzərə alsaq, müəssisənin əmlakının ilin əvvəlinə qalıq dəyəri 530.000 manat və ilin sonuna olan 690.000 manat toplanıb iki yerə bölünüb 1% əmlak vergisinə cəlb edilməlidir. Lakin məhz 202.0.1-ci maddəsində qeyd edildiyi kimi, avtoqnəqliyyat vasitələri istisna olmaqla, avtonəqliyyat vasitələri 50.000 manat və Vergi Məcəlləsinin 199.4.1-ci maddəsi vergi güzəştləri və azadolmalarında qeyd edildiyi kimi ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin əmlak vergisindən azad edilməsini nəzərə alaraq, mülki müdafiə üçün istifadə edilən əmlak 80.000 manat və yanğından mühafizə avadanlığı 10.000 manat ilin əvvəlinə olan qalıq məbləği 530.000 manatdan və həmçinin ilin sonuna olan qalıq məbləği 690.000 manatdan eyni qaydada avtonəqliyyat vasitələri 50.000 manat, mülki müdafiə üçün istifadə edilən əmlak 60.000 manat və yanğından mühafizə avadanlığı 10.000 manat çıxılıb iki yerə bölünüb 1% əmlak vergisinə cəlb edilir.

530.000-50.000-80.000-10.000=390.000 manat (ilin əvvəlinə qalıq)
690.000-50.000-60.000-10.000=570.000 manat (ilin sonuna qalıq)
390.000+570.000=960.000/2*1%=4800 manat.

Misalda qeyd edildiyi kimi, müəssisə il ərzində əmlak vergisi üzrə 2000 manat cari vergi ödəmişdir, lakin hesablanmış əmlak vergisi 4800 manat təşkil etmişdir. Müəssisənin dövlət büdcəsinə ödəməli olduğu əmlak vergisi 2800 manat təşkil edəcəkdir.