Patent nədir ?

  • Patent nədir ?

    Patent nədir ?

    Patent — (lat. patere, patent – açıq qoymaq) ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq dövlət qurumu tərəfindən verilən mühafizə sənədidir. Tərifdən də göründüyü kimi patentin obyektlərinə ixtira, faydalı model və sənaye nümunəsi daxildir. Patent hüququnun obyektlərinin, yəni ixtira, faydalı model və sənaye nümunəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar üzərində şəxsin hüquqları həmin obyektlərin yaradılması faktının özü nəticəsində yox, həmin obyektlərin səlahiyyətli dövlət orqanından qoruyucu (mühafizəedici) sənəd-patent alınması sayəsində əmələ gəlir. Patent sahibi dedikdə patent obyektlərini qorumaq və onlardan istifadə etməyə müstəsna hüquq əldə etmək üçün səlahiyyətli dövlət orqanının patent verdiyi şəxs başa düşülür.  Yalnız patent sahibinin patentdən istifadə və onu qorumaq hüquqlarına malik olması patentin alınmasının  əhəmiyyətini göstərən faktlardan biridir. Həm fiziki şəxslər, həm də hüquqi şəxslər patent sahibi ola bilərlər.

    Patent bir sıra xarakterik xüsusiyyətlərə malikdir. Belə ki, patent yalnız yenilik əlamətlərinə malik olan obyektəri qoruyur. Yenilik əlamətindən məhrum olan patent obyekti hüquq mühafizə ilə təmin edilmir. Həmin əlamətin mövcudluğu isə rəsmi prosedura-qeydiyyat vasitəsilə müəyyən edilir və yoxlanılır.

    Digər bir xüsusiyyət patent obyektlərinin ilkinliyi məsələsidir. Bu məsələnin patent hüququnda vacib əhəmiyyəti vardır. İlkinlik məsələsinin mahiyyəti ondan ibarətdir ki, patent almaq üçün birinci olaraq səlahiyyətli dövlət orqanına düzgün tərtib olunmuş iddia sənədi verən iddiaçı şəxsin yaratdığı patent obyekti müvafiq dövlət reyestrində qeydiyyata alınır, qorunur və həmin şəxsə patent verilir.

    Subyektiv patent hüquqları müddətli hüquqlardır. Başqa sözlə desək, patent hüquqları yalnız qanunla göstərilən müddət ərzində qüvvədə olur. Azərbaycan Respublikası ərazisində patentin qüvvədə olma müddəti iddia sənədinin müvafiq dövlət qurumuna verildiyi gündən etibarən aşağıdakı kimi müəyyənləşdirilir:

    o   ixtira üçün –– 20 il

    o   faydalı model üçün –– 10 il

    o   sənaye nümunəsi üçün –– 10 il

    Patentin alınması, yəni patent hüquqlarının rəsmiləşdirilməsi prosesini şərti olaraq 3 mərhələyə ayırmaq olar:

    ü  Patent obyektlərinə patentin alınması üçün iddia sənədlərinin tərtib olunması və verilməsi mərhələsi

    ü  Patent almaq üçün verilən iddia sənədinə səlahiyyətli dövlət orqanında baxılması mərhələsi

    ü  Patent obyektinin qeydiyyatı və patentin verilməsi mərhələsi

    Birinci mərhələ bu prosesdə ən əhəmiyyətli mərhələlərdən biri hesab olunur. Belə ki, ixtiraya və ya faydalı modelə dair iddia sənədinin tərkibinə müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və fiziki şəxs, həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə xüsusi formalı ərizə; ixtiranın və ya faydalı modelin mahiyyətini tam açıqlayan və həyata keçirilməsi üçün kifayət qədər aydınlıq yaradan təsviri;  ixtiranın  və ya faydalı  modelin təsvirinə əsaslanan və mahiyyətini ifadə edən düsturu; iddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan çertyojlar və digər materiallar; referat; iddia sənədinə müəyyənləşdirilmiş məbləğdə rüsumunun ödənildiyini təsdiqləyən sənəd və s. sənədlər daxil edilir. Buna görə də, lazımi sənədlər düzgün formada tərtib edilməli və tam həcmdə səlahiyyətli dövlət orqanına təqdim edilməsi onların ilkin ekspertiza mərhələsindən keçməsi üçün mühüm şərtlərdən biridir.

    Patentin alınması üçün aşağıda qeyd olunan sənədlər tərtib olunub Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə təqdim edilməlidir:

    ü  İxtiraya / faydalı modelə / Sənaye nümunəsinə patent verilməsi üçün ərizə

    ü  İxtira / faydalı model / Sənaye nümunəsi üzrə göstərilən xidmətlərə dair müqavilə

    ü  İxtira və faydalı model üzrə göstərilən xidmətlərə dair illik müqavilə

    ü  Sənaye mülkiyyəti obyektləri üzrə qeydiyyat və qüvvədə saxlama xidmətlərinə dair Müqavilə

    İxtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədinin daxil olduğu tarixdən etibarən 1 ay ərzində ilkin ekspertizasını aparır. İlkin ekspertiza zamanı tələb olunan sənədlərin mövcudluğu və düzgün tərtib olunması yoxlanılır. İddia sənədində göstərilən obyektin AR qanunvericiliyinin ələblərinə uyğunluğu ekspertiza nəticəsində müəyyənləşdirildikdə iddia sənədinin Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin rəsmi bülletenində dərc olunması barədə qərar qəbul edilir və iddiaçı müəyyən edilmiş haqqı ödədikdən sonra iddia sənədi üzrə materiallar dərc olunur. Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəz dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti qurtardıqdan və ya Apellyasiya şurasının patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən etibarən 2 ay ərzində ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması üçün dövlət rüsumu ödənilməsi şərti ilə, müvafiq Dövlət reyestrində ixtira, faydalı model və sənaye nümunəsini qeydə alır və iddiaçı olan şəxsə patent verir

    Bu proses boyunca həm vaxt itkisinin qarşısının alınması, həm də patentin alınması prosedurunun düzgün şəkildə həyata keçirmək üçün ən əlverişli yol bu sahədə təcrübəsi olan şəxslərin köməyindən istifadə etməkdir. Biz “Business Service Centre” MMC olaraq Sizə patentin alınması üçün lazımı hüquqi məsləhətlərin verilməsində, sənədlərin hazırlanmasında, müraciətlərin edilməsində, proses boyunca qarşınıza çıxa biləcək mürəkkəb məsələlərin həllində kömək etməyə hazırıq. Sizə isə sadəcə bizə müraciət etmək qalır!