Azərbaycan Respublikası Vergi Məcəlləsinin 161.2-ci maddəsində isə göstərilir ki, vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir.
Bu bənd, məzmunundan da göründüyü kimi, məhz barter əməliyyatlarını nəzərdə tutur. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 161.1-ci maddəsində nəzərdə tutulur ki, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Burada mühüm nüanslardan biri odur ki, əvəzləşmədə malların (işlərin və ya xidmətlərin) bazar dəyəri əsas götürülür.
Misal: Tutaq ki, “X” MMC “Y” MMC-yə maya dəyəri 500 manat olan malları EQHF əsasında (500+90 (18% ƏDV) satır və tərəflər arasında qarşılıqlı razılığa əsasən, “Y” MMC “X” MMC-yə pul vəsaiti ödəməyəcək, bunun əvəzinə onun üçün işlər görəcək. Belə görünə bilər ki, bu situasiyada vergiyə cəlb olunan əməliyyatın dəyəri beş yüz manatdır. Lakin əslində reallıq başqa cürdür: burada “Y” MMC-nin təqdim etdiyi işlərin dəyəri müvafiq vergi orqanı tərəfindən araşdırılmalıdır. “Y” MMC həmin işlərin təqdim edilməsi zamanı faktiki pul vəsaiti olmadığı və həmçinin “X” MMC-dən aldığı mallar onun sahibkarlıq fəaliyyəti üçün vacib olduğuna görə, böyük ehtimalla, görəcəyi işləri xeyli aşağı qiymətə barterlə vermişdir. Normal halda həmin işlərin bazar dəyərini 1500 manat (ƏDV-siz) qəbul etsək, onda vergiyə cəlb edilən əməliyyatın dəyəri 500 manat yox, 1500 manat olmalıdır. Odur ki, bu cür hallarda vergi ödəyiciləri çox diqqətli olmalıdırlar.
Çünki Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.13-cü maddəsində göstərilir ki, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətlərini nəzərə almaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.
Barter əməliyyatları zamanı ƏDV-nin əvəzləşdirilməsi məsələsinə diqqət yetirək. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.
Bəndin məzmunundan da göründüyü kimi, malların (işlərin və ya xidmətlərin) barter edildiyi an həmin əməliyyat ƏDV-siz dəyərinin qarşı tərəfin bank hesabına ödənilməsinə bərabər tutulur. Yəni barter əməliyyatı aparıldıqda artıq ödəniş (əsas məbləğ) həyata keçirilmiş sayılır, ƏDV məbləği ƏDV-nin depozit hesabından ödənildikdən sonra əvəzləşdirilmə əməliyyatı aparıla bilər.
Müəlliflər: “Business Service Centre” şirkətinin Maliyyə və mühasibatlıq üzrə layihə rəhbəri Zəhra Əliyeva və hüquqşünası Nəsrin Cəbrayılova