Vergi ödəyicilərində yoxlamalar həyata keçirilərkən vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul etmək üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmalıdırlar.
Səyyar vergi yoxlaması illik təqdim edilən tədiyyə növləri, yəni mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər tədiyyə növləri üzrə isə həmin yoxlamanın həyata keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
Səyyar vergi yoxlaması zamanı vergi orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə aid olmayan məsələlərin izah olunması üçün xüsusi bilik və təcrübə tələb olunur. Ortaya çıxan məsələlərin xüsusi biliklərə əsaslanaraq izahı üçün vergi orqanlarının vəzifəli şəxslərinin qərarına əsasən ekspertiza təyin edilir. Qərarda ekspertizanın təyin edilməsi üçün əsaslar, ekspertin adı və ya ekspertiza keçirən təşkilatın adı, ekspert qarşısında qoyulan məsələlər və ekspertə təqdim olunan materiallar göstərilir. Vergi orqanlarının vəzifəli şəxslərinin qərarına əsasən ekspertlər aşağıdakı işləri yerinə yetirirlər:
- kontraktın (müqavilənin, standartların, digər normativ sənədlərin tələblərinə uyğun olaraq), əmtəənin, məhsulun kəmiyyət və keyfiyyətinin ekspertizası;
- əmtəə və nəqliyyat vasitələrinin identifikasiyası;
- əmtəənin mənşə ölkəsinin müəyyən edilməsi;
- yükün, o cümlədən sığorta edilmiş yükün vəziyyətinin ekspertizası;
- keyfiyyətin itirilməsi nəzərə alınmaqla sığortaçıya dəyən zərərin dəyər ifadəsi və ya sığorta hadisəsinin başlanması zamanı faktiki kəmiyyəti;
- daşınmaz, daşınar əmlakın və malların qiymətləndirilməsi;
- alğı-satqı, girov, səhmləşdirmə məqsədilə girov qoyulmuş əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi;
Misal 1: Vergi ödəyicisində həyata keçirilən səyyar vergi yoxlaması zamanı satılan malların bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertizanın keçirilməsi ilə bağlı vergi orqanının vəzifəli şəxsi tərəfindən qərar qəbul edilib. Qərara əsasən, ekspert vergi orqanı tərəfindən müəyyən edilmiş dövr ərzində malların topdansatış qiymətini müəyyənləşdirərək rəyinə əlavə edib və vergi orqanına təqdim edib. Bu halda vergi ödəyicisinin ekpsert rəyinə öz etirazlarını bildirmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır.
Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Ekspertlə müqayisədə mütəxəssis xüsusi biliklərlə yanaşı, bu sahədə müəyyən təcrübəyə malik olmalıdır.
Misal 2: Vergi ödəyicisində həyata keçirilən səyyar vergi yoxlaması zamanı istehsal olunmuş hazır məhsulun real istehsal həcminin müəyyənləşdirilməsi üçün mütəxəssisin dəvət edilməsi ilə bağlı vergi orqanının vəzifəli şəxsi tərəfindən qərar qəbul edilib. Qərara əsasən, mütəxəssis hazır məhsulun istehsalında iştirak edən avadanlıqların işləmə saatlarına, texniki göstəricilərinə, elektrik enerjisinin, təbii qazın sərfiyyatına uyğun olaraq istehsal olunmuş məhsulun real həcmini müəyyənləşdirərək rəyinə əlavə etmiş və vergi orqanına təqdim etmişdir. Vergi ödəyicisi mütəxəssisin rəyi ilə razılaşmadıqda bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər.
Qeyd edək ki, bu hallar Vergi Məcəlləsinon 36, 44, 45-ci maddələri və “Səyyar vergi yoxlamasının keçirilməsi qaydaları” ilə tənzimlənir.
Müəllif: “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Elnur Səmədzadə
Mənbə