Koronavirusun iqtisadiyyata təsiri ilə bağlı Tədbirlər Planı təsdiq edildi

  • Koronavirusun iqtisadiyyata təsiri ilə bağlı Tədbirlər Planı təsdiq edildi

    Koronavirusun iqtisadiyyata təsiri ilə bağlı Tədbirlər Planı təsdiq edildi

                                                                              M Ü R A C İ Ə T

     

               

     “4” aprel 2020-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə sərəncam imzalanmışdır.

    Bu sərəncamın əsas məqsədi karantinin təsiri nəticəsində iş yerlərinin azalmasına yol verməmək, sahibkarlara və vətəndaşlara maliyyə dəstəyi göstərmək və gələcəyə yönəlik iqtisadi, sosial planlar qurmaqdır

    Qeyd edək ki, sərəncamda həm sahibkarların (məsələn vergi güzəştləri) həm də sadə vətəndaşların (məsələn birdəfəlik müavinət 190 manat) mənafeyinə toxunan məsələlərə yer verilir.

    Sahibkarlar baxımından ilk öncə onu qeyd edək ki, bu Tədbirlər Planı bütün sahibkarlara yönəlsə də daha çox istiqaməti kiçik və orta sahibkarlığa yönəlmişdir. Ancaq elə istiqamətlər vardır ki, konkret qrup sahibkarlara yönəldilmişdir (Məsələn sahibkarlara birdəfəlik 80 milyon manat maliyyə dəstəyinin verilməsi konkret fərdi (mikro) sahibkarlara yönəldilmişdir).

    Qeyd etdiyimiz kimi Tədbirlər Planı geniş sahəni əhatə etdiyindən konkret sahibkarlara aid istiqamətləri nəzərinizə çatdırmaq istəyirik:

    1)      İŞ YERLƏRİNİN VƏ SOSİAL SABİTLİYİN QORUNMASI İSTİQAMƏTİNDƏ

    Bu istiqamət üzrə iqtisadi dəstək aşağıdakı kimidir:

    a)      Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi

    b)     Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi

    2)      İQTİSADİ FƏALLIĞIN QORUNMASINA VERGİ STİMULLARININ VERİLMƏSİ İSTİQAMƏTİNDƏ

    Bu istiqamət üzrə Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı vergi güzəştlərinin və tətillərinin verilməsi nəzərdə tutulur:

    a)       mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə müddətli güzəştin verilməsi;

    b)      əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi;

    c)       vergi ödəyicilərinə mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi;

    d)      mənfəət (gəlir) və əmlak vergisi üzrə cari vergi ödəmələrindən müddətli azad edilməsi;

    e)      mikro sahibkarlıq subyektləri üzrə hesabatların (gəlir, mənfəət, əmlak və sadələşdirilmiş vergi) verilməsi və vergilərin ödənilməsi müddətinin uzadılması;

    f)        pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə vergilərin ödənilməsi müddətinin uzadılması;

    g)       əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi;

    h)      əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının ƏDV-dən azad edilməsi;

    i)        epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin gəlirdən çıxılması;

    j)        icarə haqqından tutulan vergilər üzrə güzəştin verilməsi;

    k)       ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının müəyyən müddətə təxirə salınması;

    l)        bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükünün azaldılması

     

    3)      İQTİSADİYYATA VƏ SAHİBKARLIĞA DÖVLƏTİN KREDİT-ZƏMANƏT DƏSTƏYİNİN VERİLMƏSİ İSTİQAMƏTİNDƏ

    Bu istiqamət üzrə Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) veriləcək 0.5 mlrd. manat həcmində bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur:

    a)      Yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi;

    b)     Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin 50%-nin dövlət büdcəsi hesabına subsidiyalaşdırılması;

    c)      Kreditlərin maksimal faiz dərəcəsi, müddəti, fəaliyyət sahələri üzrə əhatə dairəsi və digər meyarların 2 həftə ərzində hazırlanaraq təqdim olunması;

    d)     Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizmin yaradılması

    e)      2020-ci il 10 mart tarixinə dövlət zəmanəti olmayan mövcud bank kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-in subsidiyalaşdırılması

    f)       Həyati vacib sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi

     

    4)      PANDEMİYANIN MƏNFİ TƏSİR ETDİYİ FƏALİYYƏT SAHƏLƏRİNDƏ ƏLAVƏ DƏSTƏK TƏDBİRLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ İSTİQAMƏTİNDƏ

    Bu istiqamətdə aşağıdakı güzəştlərin edilməsi nəzərdə tutulur:

    a)      Dövlət əmlakını icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərindən (o cümlədən kiçik və orta sahibkarlardan) icarə haqqının 2020-ci ilin sonunadək hesablanmaması

    b)     Dövlət torpaq fonduna aid torpaq sahələrini icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlar (o cümlədən kiçik və orta sahibkarlar) tərəfindən ödənilən icarə haqlarının 2020-ci ilin sonunadək hesablanmaması

    c)      Sənaye məhəllələrində pandemiyanın mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən rezidentlərin icarə haqlarının 2020-ci ilin sonunadək hesablanmaması

    d)     Qeyri-neft məhsullarının ixracının artırılmasına və stimullaşdırılmasına yönəlmiş aşağıdakı istiqamətlərdə tədbirlərin görülməsi:

    e)      qeyri-neft məhsullarının ixracına marağın artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə edilən malların ixrac qeydi ilə satışı (malların ixrac edilməməsi halında vergilərin ödənilməsinin bank qarantiyası və sair üsullarla təmin edilməsi şərtilə) mexanizminin Vergi Məcəlləsinə daxil edilməsi;

    f)       idxal olunan və yerli istehsalı olmayan xammal və ara mallardan asılı olan yerli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılması məqsədilə müvafiq siyahı üzrə gömrük rüsumu güzəştlərinin tətbiqi;

    g)     sahibkarlar tərəfindən daxildə xüsusi gömrük prosedurundan istifadənin stimullaşdırılması istiqamətində tədbirlərin görülməsi

    h)     Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və ölkəyə idxal olunan müvafiq məhsullarla tam və fasiləsiz təmin edilməsi məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi:

    i)       zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının müddətli olaraq “0” dərəcəyə endirilməsi (və ya azaldılması);

    j)        zəruri hesab edilən məhsulların idxalı zamanı həyata keçirilən gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin növbədənkənar (sürətləndirilmiş) tətbiqi

    k)     Kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün dövlət satınalmalarında yerli istehsal (mal və xidmətlərə) məhsulların alınması məqsədilə əlavə tədbirlərin görülməsi

    l)       Bank və sığorta bazarının peşəkar iştirakçılarının maliyyə bazarlarına nəzarət orqanına ödədikləri haqların ləğv edilməsi

     

     

    Artıq 08.04.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi tərəfindən Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsiPandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində mexanizm açıqlanmışdır.

                Həmin mexanizm aşağıdakı kimidir:

     

    Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində:

     

    Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu mexanizm çərçivəsində vergi ödəyicilərinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında, qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək.

     

    Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

    Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır.

    Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları) avtomatik əks olunacaq. Vergi ödəyiciləri müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, təsərrüfat subyektlərini (obyektlərini), zərər çəkmiş sahə üzrə işçi sayı və əməkhaqqı fondu barədə əlavə məlumatları özləri onlayn qaydada doldurmalıdır. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

    Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.

    Qeyd: Müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin fəaliyyət sahəsinin və təsərrüfat subyektinin (obyektinin) pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməməsi, müraciət tarixinə işçi sayında azalmaların olması, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi hallardır. Reyestr məlumatları üzrə uyğunsuzluq aradan qaldırılarsa, vergi ödəyicisinə şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.

    Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq.

    Xüsusi qeyd: Bank tərəfindən ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə verilir. Vergi ödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər və bu məsələyə ciddi nəzarət olunacaq.

    Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürüləcək. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara kompensasiyalar orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.

    Maliyyə vəsaitlərinin ayrıldığı vergi ödəyiciləri barədə məlumatlar İqtisadiyyat Nazirliyinin və onun qurumlarının internet resursları və KİV-lər vasitəsilə ictimaiyyətə çatdırılacaq.

     

    Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində:

    Bu mexanizm çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.

     

    Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

    Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi  proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə  daxil olaraq buradakı müvafiq alt bölmədə elektron qaydada müraciət formasını doldurmalıdır.

    Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, fəaliyyət sahələri, bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər) avtomatik əks olunacaq.

    Vergi ödəyiciləri müraciətdə öz vergi rejimi (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro) olması) barədə məlumatları onlayn qaydada doldurmalıdırlar. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

    Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və vergi ödəyicisinə bu barədə bildiriş göndərilir.

     

    Qeyd: Müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması, riskli vergi ödəyicisi ilə əməliyyat aparması ilə bağlı ola bilər. Bu hallarda vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı veriləcək.

    Fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya  büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin olunacaq.

    Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250,0 manatdan az olduğu təqdirdə ona 250,0 manat məbləğində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyinin maksimal həddi 5.000 manat olacaq.

     

    Bütün vergi ödəyicilərindən xahiş olunmuşdur ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetlərini mütəmadi qaydada izləsinlər.

               

                Digər istiqamətlər üzrə də işçi qrupları müəyyən edilib. Həmin işçi qrupları müəyyən olunmuş icra müddətində onlara həvalə edilən istiqamətlər üzrə icra mexanizmlərini hazırlayıb ictimaiyyətə təqdim edəcəklər.

                Xahiş edirik nəzərə alasınız.