Ezamiyyət xərcləri haqqında

“Ezamiyyət xərcləri haqqında”  mövzunu Business Service Centre şirkətinin Maliyyə işləri üzrə Baş Müşaviri Leyla Kiçibəyova şərh edir.

Ezamiyyət xərcləri haqqında məlumatlar ekspertlər tərəfindən cox müzakirə olunub və misallar ilə açıqlamalar da verilmişdir. Bugün ezamiyyət xərcləri haqqında təsdiq edilmiş qərar və qaydalar barəsində  daha geniş məlumat ilə paylaşmaq istəyirəm.  Bildiyiniz kimi bütün müəssisələr öz fəaliyyətlərini  genişləndirmək və gəlir əldə edilməsi üçün zərurət yarandığı halda öz işçilərini ölkə daxilində və xaricində ezamiyyələrə göndərirlər. Müəssisə işçilərinin ezamiyyətə göndərilməsi təşkilatın rəhbəri tərəfindən verilən əmrlə təsdiq edilir, əmrdə ezamiyyətə göndərilən şəhər (rayon, ölkə) və günlər haqqında məlumat daxil edilir. Ezamiyyət xərclərinin normaları   Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 yanvar 2008-ci il 14 №-li   “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə təstiq edimişdir. Qərarda qeyd edildiyi kimi  Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80%-ni mehmanxana və 20%-ni gündəlik xərclər (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir. Mehmanxana xərcləri barəsində müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50%-i ödənilməlidir. Xarici ölkələrə ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 60%-ni mehmanxana və 40%-ni gündəlik xərclər təşkil edir. İşçinin 1 günlük ezamiyyə xərclərinin normasına mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər ilə bağlı xərclər daxildir. İşçiyə ödənilən gündəlik ezamiyyə xərci hər təqvim günü üçün hesablanır. Əgər işçi xaricə ezamiyyə olunursa ezamiyyə xərclərini  mövcud qanunvericiliyə uyğun olaraq müvafiq xarici valyutaya çevirməklə ödəyirlər. Qaydalarda qeyd edildiyi kimi əgər dəvət edən tərəf bütün ezamiyyə xərclərini öz üzərinə götürürsə, bu halda işçiyə ezamiyyə xərci ödənilmir. Əgər dəvət edən tərəf işçini yalnız yaşayış yeri ilə təmin edirsə, bu  halda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40%-i həcmində, işçini yalnız yemək xərci ilə təmin edirsə, bu halda isə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60%-i həcmində vəsait ödənilməlidir. Bundan əlavə dəvət edən tərəf işçiyə yaşayış yeri və yemək xərcini nağd pulla ödəsə, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa, həmin fərq işçiyə ödənilməlidir. Dəvət edən tərəf işçini yeməklə təmin edərək yaşayış yeri üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60%-dən az olarsa, həmin fərq işçiyə ödənilir. Digər halda dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yemək üçün nağd pul verirsə, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 40%-dən az olarsa həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.Nəqliyyat xərcləri dedikdə taksidən istifadə edildiyi halda həmin xərclər ezamiyyə xərclərində aid edilmir. Qərarın mahiyyətindən bəlli olur ki, ezamiyyə dövründə işçi yalnız ictimai nəqliyyat növündən istifadə edə bilər.

Qeyd etmək istərdim ki, Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydalara uyğun olaraq «Ezamiyyə vəsiqəsi» də verilir. Ezamiyyə vəsiqəsində  ezamiyyət yerinə gəlmə və getmə haqqında qeydlər aparılmalıdır. Əgər işçi müxtəlif yaşayış məntəqələrində olursa,  gəlmə və getmə günləri haqqında hər məntəqədə, ayrı ayrılıqda qeyd aparılmalıdır. Lakin xarici ölkələrə ezamiyyələr zamanı işçi ezamiyyə vəsiqəsi əvəzinə  pasport və ya onu əvəz edən sənədlər təqdim etməlidir. Müəssisələr öz işçilərini ezamiyyətə göndərəndə nəzərə almalıdırlar ki, ezamiyyət müddəti 40 gündən artıq ola bilməz. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə, yəni qərarla təsdiq edilmiş 1 günlük normalara uyğun olaraq müəssisə tərəfindən pul vəsaiti avans olaraq verilməlidir. 1 günlük normaya daxil olan nəqliyyat xərcləri isə təqdim edilən sənədlər əsasında ödənilir və bu xərclərə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün və digər bu kimi də xərclər daxildir. Nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün və geri gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır. Bundan əlavə qaydalarda qeyd edildiyi kimi nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedən gün cari gün sayılır, 00-saatdan sonra isə sonrakı günlər sayılır. Ezamiyyət bitdikdən sonra işçi (təhtəlhesab şəxs) təhtəl hesabatını (avans hesabatı) 3 gün ərzində təqdim etməlidir. Təqdim edilmiş təhtəl-hesabatında ezamiyyət zamanı xərclənilmiş məbləğlərin hesabatını təsdiq edilmiş sənədlər ilə müəssisənin mühasibatlığına təhvil verməlidir. İşçinin ezamiyyətdə olduğu vaxtında onun iş yeri və orta əmək haqqı saxlanılmalıdır. Ezamiyyət  zamanı xərclər normadan artıq olarsa müəssisə öz sərəncamında qalan mənfəət hesabına bu xərcləri artıra bilər. Vergi məcəlləsini 109 maddəsində də qeyd edildiyi kimi: faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi gəlirdən çıxılmır.

Mülki-hüquqi müqavilə ilə işləri yerinə yetirən fiziki şəxslərin vergi və sosial ödəniş öhdəlikləri
Mülki-hüquqi müqavilə ilə işləri yerinə yetirən fiziki şəxslərin vergi və sosial ödəniş öhdəlikləri

“Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəh...

Təxirə salınan mənfəət vergisi üzrə öhdəliklər
Təxirə salınan mənfəət vergisi üzrə öhdəliklər

Mühasibat və vergi uçotları fərqli formalarda aparıla bilər. Mövzunu “vergiler.a...

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət

BSC şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Elxan Babayev mövzu ilə...

;