Ödəmə mənbəyində faizlərdən vergi tutulması

“Ödəmə mənbəyində faizlərdən vergi tutlması” mövzunu Business Service Centre şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Elnur Səmədzadə şərh edir.

Məlum olduğu kimi, faiz gəliri fiziki şəxslər üçün qeyri-sahibkarlıq fəaliyyətindən, müəssisələr üçün isə satışdankənar gəlir hesab edilir. Ödəmə mənbəyində faizlərdən vergi tutulması Vergi Məcəlləsinin 123- cü maddəsi ilə tənzimlənir ki, bu maddəyə də “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 13 may 2022-ci il tarixli 534-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu əsasında dəyişikliklər edilmişdir.

Belə ki, dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən gəlir Vergi Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, Vergi Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Dəyişiklikdən sonra faiz gəlirlərindən ödəmə mənbəyində vergi necə hesablanacaqdır?

Dəyişiklik mahiyyət etibarı ilə faiz gəliri əldə edən müəssisələrə aid olacaqdır. Belə ki, dəyişiklikdən əvvəl faiz gəlirlərinin sahibi mənfəəti vergiyə cəlb olunan müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi olduğu halda Vergi Məcəllənin 123.1 -ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutulmuş faiz gəlirlərini alan həmin müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi ilin nəticələrinə görə hesabladığı verginin məbləğini, ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri təqdim etmək şərti ilə bu mənbədə ödənilmiş verginin məbləği qədər azaldırdı. Lakin, dəyişiklikdən sonra faiz gəliri əldə edən müəssisələr faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə vergiyə cəlb olunması həyata keçiriləcək və faiz gəlirləri üzrə vergitutmada vahid mexanizm tətbiq olunacaqdır.

Misal (dəyişiklikdən əvvəl): “A” MMC ilə “B” bankı arasında bağlanılmış müqaviləyə əsasən “A” MMC illik 10 faiz dərəcə ilə 50.000,00 manat məbləğində banka əmanət yerləşdirmişdir. Bank ilin sonunda “A” MMC- nin 5.000,00 manat (50.000,00*10%) faiz gəlirindən ödəmə mənbəyində 10% dərəcə ilə yəni, 500,00 manat vergi tutmuş, 4.500,00 manatı isə “A” MMC- yə ödəmişdir. “A” MMC- nin həmin il üzrə gəlirlərinin (o cümlədən faiz gəlirlərinin) 300.000,00 manat, gəlirdən çıxılan xərclərinin isə 200.000,00 manat olduğunu hesab etsək, ilin nəticələrinə görə “A” MMC 20.000,00 manat ((300.000,00 – 200.000,00)*20%) məbləğində mənfəət vergisi ödəməli idi. Lakin, “A” MMC- nin faiz gəlirindən ödəmə mənbəyində 500,00 manat vergi tutulduğundan, həmin il üzrə büdcəyə 19.500,00 manat (20.000,00-500,00) vergi ödəyəcəkdir.

Misal (dəyişiklikdən sonra): “A” MMC ilə “B” bankı arasında bağlanılmış müqaviləyə əsasən “A” MMC illik 10 faiz dərəcə ilə 50.000,00 manat məbləğində banka əmanət yerləşdirmişdir. Bank ilin sonunda “A” MMC- nin 5.000,00 manat (50.000,00*10%) faiz gəlirini tam həcmdə ona ödəyir. “A” MMC- nin həmin il üzrə gəlirlərinin (o cümlədən faiz gəlirlərinin) 300.000,00 manat, gəlirdən çıxılan xərclərinin isə 200.000,00 manat olduğunu hesab etsək, ilin nəticələrinə görə “A” MMC 20.000,00 manat ((300.000,00 – 200.000,00)*20%) məbləğində mənfəət vergisi ödəyəcəkdir.

Göründüyü kimi Vergi Məcəlləsinin 123.1-ci maddəsinə edilmiş dəyişikliyin mahiyyəti hüquqi şəxslərin faiz gəlirlərinin vergidən azad edilməsi deyil, həmin şəxslərin faiz gəlirlərinin vergiyə cəlb edilməsi mexanizminin dəyişdirilməsi ilə bağlıdır.

Qanunun 2-ci maddəsinə əsasən həmin dəyişikliklər 2022- ci il yanvarın 1- dən tətbiq olunması qeyd edilir. Qanun 13 may 2022- ci il tarixində qəbul edildiyindən və 10 iyun 2022- ci il tarixində qüvvəyə mindiyindən Vergi Məcəlləsinin 150- ci maddəsinin tələblərinə uyğun olaraq 2022- ci ilin 1- ci rübü ərzində hüquqi şəxslərə ödənilən faiz gəlirlərindən ödəmə mənbəyində vergi tutulmuşdur. Dəyişikliyin 1 yanvar 2022- ci il tarixdən qüvvəyə mindiyini nəzərə alaraq, 2022- ci ilin 1- ci rübü üzrə hüquqi şəxslərin faiz gəlirindən ödəmə mənbəyində tutulan vergilər bank və ya digər müəssisələr tərəfindən müvafiq dövr üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməklə yenidən hesablanmalıdır.

2022-08-15

Mənbə

Qiymətləndirmə fəaliyyəti necə tənzimlənir?
Qiymətləndirmə fəaliyyəti necə tənzimlənir?

“Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə layihə...

Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir?
Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir?

Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhb...

Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir?
Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir?

“Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə 2-ci də...