Mövzunu “vergiler.az”a “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Elxan Babayev şərh edir.

Vergi Məcəlləsinin 166.4 cü maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı iki formada müıyyən olunur.

1-ci hal:

Vergi ödəyicisi tərəfindən mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra dəyəri ödənilməyən malları (işləri, xidmətləri) qəbul edən digər vergi ödəyicisindən borc pul vəsaiti (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər istisna olmaql) alındığı zaman vergi tutulan əməliyyatın vaxtı borcun alındığı vaxt sayılır.

Misal 1: “AA” MMC 2022-ci ilin may ayında “BB” MMC-yə 15.000 manat (ƏDV-siz) dəyərində mal təqdim edib. Həmin ilin iyun ayında isə “BB” MMC qarşı tərəfə 7.000 manat borc pul verib. Malın dəyəri cari ilin iyul ayında ödənilib. “AA” MMC-də vergi tutulan əməliyyatın vaxtını və məbləğini müəyyən edək:

- 2022 may - ƏDV öhdəliyi yaranmır;

- 2022 iyun – 7.000 manat məbləğ ƏDV-yə cəlb edilir;

- 2022 iyul – 15.000-7.000 = 8.000 manat ƏDV-yə cəlb edilir.

2-ci hal:

Vergi ödəyicisi mal (iş, xidmət) təqdim edilməmişdən qabaq digər vergi ödəyicisindən (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər istisna olmaqla) əvvəlcədən borc pul alarsa, vergi tutulan əməliyyatın vaxtı mal təqdim edilən vaxt sayılır.

Misal 2: “BB” MMC 2022-ci ilin may ayında “AA” MMC-yə 10.000 manat borc pul verib. “AA” MMC həmin ilin avqust ayında qarşı tərəfə 4.000 manat (ƏDV-siz) dəyərində xidmət göstərib. Xidmətin dəyəri isə cari ilin sentyabr ayında tam ödənilib. “AA” MMC-də vergi tutulan əməliyyatın vaxtını və məbləğini müəyyən edək:

- 2022 may - ƏDV öhdəliyi yaranmır;

- 2022 avqust – 4.000 manat məbləğ ƏDV-yə cəlb edilir;

- 2022 sentyabr – 10.000 - 4.000 = 6.000 manat ƏDV-yə cəlb edilir.

Yadda saxlamaq lazımdır ki, vergi tutulan əməliyyatların vaxt tələbinə dəqiq əməl etmək üçün 1-ci halda olduğu kimi borcun alındığı ayda borcun məbləği qədər, 2-ci halda olduğu kimi xidmət göstərilən ayda borc məbləği qədər ƏDV öhdəliyinin yarandığı nəzərə alınmalıdır.

2023-01-05

Mənbə